“İşıq” qəzeti – milli mətbuatımızın ilk qadın mətbu orqanı

    Elmira Ələkbərova

XIX əsrin sonu-XX əsrin əvvəllərində bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da qadınların istismar və zülmdən qurtulması, maariflənməsi, mülki və siyasi, eləcə də iqtisadi, sosial və mədəni hüquqlarının əldə edilməsi uğrunda mübarizə başlamışdı.

XX yüzilliyin əvvəllərində qadın mövzusu artıq Azərbaycanda ziyalılar tərəfindən geniş müzakirə olunan ən aktual məsələlərdən birinə çevrilmişdi. Belə ki, Azərbaycan qadınının savadsızlığı, həmçinin ictimai və siyasi həyatdan təcrid olunması təkcə qadınların deyil, bütün xalqın həyatında bir çox problemlərə yol açmış və yeni nəslin firavan gələcəyini təhlükə altına qoymuşdu.

Azərbaycan ziyalıları azad, tamhüquqlu və savadlı qadın olmadan mütərəqqi cəmiyyət yaratmağın, ümumiyyətlə, xalqın problemlərinin həllinin mümkün olmadığını anlayır və dini təəssübkeşlərin hücumlarından çəkinmədən cəmiyyətin diqqətini qadın problemlərinə yönəltməyə çalışır, qızların çox erkən yaşda zorla evləndirilməsini, qadınların hüquqi və ictimai vəziyyətinin çox aşağı olduğunu tənqid atəşinə tutur və ən əsası, qadınlar üçün təhsil ocaqlarının yaradılmasının vacibliyini vurğulayırdılar. Ziyalılar, maarifçi və xeyriyyəçilər çox yaxşı anlayırdılar ki, qadın istər ailədə, istərsə də cəmiyyətdə özünü ifadə etmək üçün mütləq təhsil almalı, iqtisadi cəhətdən təmin olunmalıdır.

Bu fikirlərin geniş ictimaiyyətə çatdırılmasında, qadın hüquqları uğrunda, savadsızlıqla və ictimai həyatdan təcrid olunma ilə mübarizədə, şübhəsiz, ən böyük rolu Azərbaycanın dövri mətbuatı oynayırdı. Azərbaycan milli mətbuatında bu məsələ ilk öncə 1903-cü ildə görkəmli maarifçi, publisist, alim Məhəmməd Ağa Şahtaxtılı tərəfindən “Şərqi-Rus”qəzetində qaldırılır, daha sonra “Həyat”, “İrşad”, “Yeni İrşad”, “Tərəqqi” kimi qəzetlərdə də qadın savadsızlığı haqqında məqalələr dərc olunur, problemin həlli yolları araşdırılırdı. “Molla Nəsrəddin” jurnalı isə qadın azadlığı məsələlərində çox cəsarətlə dini təəssübkeşlərə qarşı çıxır, çadranın götürülməsi və qadınların kişilərlə tam bərabərliyi uğrunda mübarizə aparır, bu ağrılı mövzuda satirik yazılar və karikaturalar nəşr edirdi.

Azərbaycan mətbuatında qadın məsələsində ən əlamətdar hadisə dövrünün ziyalı xanımlarını öz ətrafında birləşdirən “İşıq” adlı qadın qəzetinin nəşri oldu.

İlk sayı 22 yanvar 1911-ci ildə çıxan “İşıq” qəzetinin naşiri publisist və hüquqşünas Mustafa bəy Əlibəyov, redaktoru isə Mustafa bəyin həyat yoldaşı, Zaqafqaziya Olginski Mamalıq və Ginekologiya İnstitutunun məzunu Xədicə xanım Əlibəyova idi. “İşiq” qəzetinin nəşri Azərbaycan mətbuatının qadın azadlığı uğrunda apardığı mübarizənin təsirsiz ötüşmədiyini, qadın azadlığı tərəfdarlarının və qadınların özlərinin artıq ciddi bir ictimai gücə çevrildiyini göstərdi.

Qəzetin üz qabığında uşağın əlindən tutaraq günəşin doğmasına işarə edən çadralı bir qadın təsvir edilmişdi. Bununla qəzet naşiri insanların xoşbəxt gələcəyi üçün elm və təhsilin vacibliyinə işarə edirdi. Qəzetdə dövri nəşrlərin gələcək nəsillər üçün aktuallığı xüsusilə qeyd edilirdi. Belə ki, “General Hacı Zeynalabdin Tağıyev həzrətlərinin nitqi. Novruz bayramı münasibətilə” adlı məqalədə məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bu sözləri xüsusilə vurğulanırdı: “Övladlarım! Görüyorsunuzmu ki, bənim sağ əlim dini-islamın rüknü və mədari-iftixarı olan Qur`ani-əzimüşşə`nin üstündədir və sol əlimdə tutduğum isə qəzetədir. Övladlarım! Bənim sizə axırıncı nəsihətim budur ki, bu Qur`anı həmişə sağ və qəzetəyi isə sol əlinizdə tutub, millətə sidq və sədaqət ilə xidmət edəsiniz!” [2, s.1-2].

 “İşıq” qəzetinə Azərbaycanın müxtəlif guşələrindən məktublar, məqalələr, şeirlər göndərilirdi. Bu yazılarda əsasən təhsil problemləri işıqlandırılırdı. Çayqıraqlı Nabat xanım “Bacılarıma bir neçə söz” adlı məktubunda yazırdı: “… bir namaz surəsi bilmək ilə tərbiyəli olub, analıq mərtəbəsinə çata bilməriz. Öylə qadınlar bilirəm ki, heç namaz surəsi də bilməyirlər, mə`lum ki, namaz da qılmıyorlar, məgər bunların həyatı həyatmı? Xeyr, onların həyatı meşələrdəki, insanlardan qaçan heyvanların yaşamağına bənzər, məgər buna həyat denilirmi? Biz hər bir tərəfdən məzlumələr, dilsiz-ağızsız heyvanlara bənzəyib, istibdad altında ömrümüzü sürüyoruz!.. Biz qadınlara məktəb lazım, elm və mə`rifət lazım!..”

Hər məqaləsində cəmiyyətə, millətə, dövlətə xeyirli, həqiqi bir vətəndaş yetişdirmək üçün qadının təhsilli olmasının vacibliyini vurğulayan Xədicə Əlibəyova Azərbaycan xalqının başına gələn bəlaların böyük qisminin səbəbini məhz anaların savadsızlığında görürdü: “Taifeyi-ünasa elm və tərbiyə insana su ilə hava kibi lazımdır, vəilla islam balalarının məhv və nabud olmağına heç şəkkimiz olmasın… Sibirya səhraları və həbsxanalar küncləri bizim qardaşlarımız ilə dolub… Atalarını, qardaşlarını, analarını və biri-birini öldürənlər kimdir? Bizim qardaşlarımız. Məscidlərimizdə ökür-ökür ağlayıb və oradan çıxan kimi gedib günahi-kəbir edən kimdir? Bizim qardaşlarımız... Ülum və sənaye`də hamıdan dala qalan kimdir? Bizim qardaşlarımız. Öz ana dilini düz və sərrast danışa bilməyən kimdir? Bizim qardaşlarımız... Arvadlarımız… təhsili-elm və kamalat etməyincə, övladlarımıza qayda ilə tərbiyə verib, zəlalətdən, qaranlıqdan, fəqirlikdən, həbsxanalardan və qeyri millətlərin töhmət və sərzənişlərindən qurtarıb, işığa çıxarda bilməyəcəyiz” [5, s.2].

Xədicə xanım öz məqalələrində müsəlman qadınının azadlıq və təhsillə bağlı hüquqlarını müdafiə etməklə yanaşı, qadınların ailədə ikinci dərəcəli roluna da işarə edirdi: “Ailənin sahibi kişidir. Ailənin xeyir və şəri, namusu kişiyə aiddir. Qadın daxili-beytin zinəti və idarə mə`murudur. Kişi ilə bərabər və tay olamaz. Yə`ni evdə kişiyə layiq olan hökmranlıq eyləyə bilməz” [6, s.6]. Məsələyə bu cür yanaşma qadınların tam sərbəstliyi, çadranın götürülməsi, qadınlara hər sahədə kişilərlə bərabər hüquq verilməsi tələbində olan digər ziyalıların, maarifpərvərlərin və ən əsası, mollanəsrəddinçilərin sərt qınağına səbəb olurdu.

Həm “Molla Nəsrəddin” jurnalında, həm də “İşıq” qəzetində bir-birinə qarşı çox sərt yazılar nəşr olunurdu. Mollanəsrəddinçilər “İşıq” qəzetinin naşiri və redaktorunu ikiüzlülükdə günahlandırır, Xədicə Əlibəyovanın öz məqalələrində şəriətə əməl etmənin vacibliyini hər dəfə qeyd etməsinə, qadınların hicablı gəzməsinə olan müsbət fikrinə qarşı çox sərt etiraz edirdilər.

Jurnalın 1911-ci ilə aid 7-ci sayında M.Ə.Sabir “Dörddilli qırmanc”adlı şeirində Xədicə xanımın sözü ilə əməlinin uyğunsuzluğuna işarə edir:

“İşıq” qəzeti müdirəsi Xədicə xanım cənabları deyir ki:

“Müslimə övrətləri məsturə olmaq istəriz”,

İştə söz, iştə əməl (?), iştə müvafiq bir məram [8].

Başqa bir məqalədə isə “Vızvıza” təxəllüslü müəllif “İşıq”ın, ümumiyyətlə, bütün fəaliyyətini şübhə altına qoyurdu: “Allah şahiddir ki, “İşıq” bacardığı yerə kimi çalışır. Əgər arvadların azadlığı yolunda çalışmağı lazım bilmirsə, o da onun öz işidir” [10, s.3].

“İşıq” qəzetinin redaktoru isə, öz növbəsində, mollanəsrəddinçiləri “bitərbiyə və bivicdan” adlandırırdı: ”Cənab molla, böylə müsəlmanın Qur`ani-Məcidinin hökmünün və milli işlərinin ziddinə qarışıb əl atmağı nə sizə və nə sizin kibi bitərbiyə və bivicdanlara heç məsləhət görməyirik… Doğrudur, saqqalın ağarıbdırsa da, lakin föhşdən, böhtandan başqa, qəzetə çıxardan gündən imdiyə kimi bir məslək tapmayıb, ancaq üləmanın və şəriətin ziddinə gedib, övrətləri küçələrdə, tiyatrolarda gəzdirməkləri məzlum millətə və`z buyurmusunuz və bunun səmərəsi isə meydandadır. Lə`nət, min dəf`ə lə`nət!...” [4, s.2].

“Molla Nəsrəddin” jurnalının 18-ci sayında dərc edilən bir karikaturada Xədicə xanım əks olunur ki, avropasayağı geyimdə, başında böyük şlyapa, əlini çadralı qadınlara sarı uzadıb deyir: “Bax, müsəlman xanımları belə ismətli və namuslu olmalıdır” [9, s.1]. Mollanəsrəddinçilər həmin karikatura ilə “İşıq” qəzetinin redaktorunun özünün ziyalı və müasir olmasına və müsəlman bacılarını maarif və azadlıq yoluna çıxarmaq uğrunda mübarizəyə başlamasına rəğmən, indi geri addım atmasına işarə edirdilər.

“İşıq” qəzetinin naşir və redaktoru digər maarifpərvərlərdən fərqli olaraq, əhalinin əksəriyyətini təşkil edən dini təəssübkeşlərin qəzəbi və nifrətinə səbəb olmadan qəzetin nəşrinə davam etmək üçün din xadimlərinin də fikirlərini nəzərə almağa səy göstərirdilər. Onlar din xadimlərini qıcıqlandırmamağa çalışır, bir çox məqalələrdə şəriət məsələlərinə geniş yer verərək, kişinin qadından üstünlüyünə işarə edir və bununla da din xadimlərinin dəstəyinə nail olmağa cəhd göstərirdilər və müəyyən mənada buna nail də ola bilirdilər.

Belə şəxslərdən biri, məşhur din xadimi Axund Molla Ruhulla Məhəmmədzadə qəzetin redaktoruna məktub ünvanlayaraq, bu xeyir işi dəstəklədiyini dilə gətirirdi: “Bunları qəflət və ətalət döşəyindən qalxızmaq və samieyi-ibrətlərini açmaq üçün nisvana məxsus qiraətxana kimi xudapəsəndanə əməllərə də təşəbbüs etməliyiz... Müxəddərati-islamdan  Xədicə xanımın sə`yi ilə  başlamış  bu  niyyəti-insanpəsəndanə islam qadınlarının təhsinini qazanıb, öz məmnuniyyətlərini izhar ilə rizaiyyətlərini qəzetələr sütununda  dərc  edəcəklərinə şübhə yox.  Biz də müşarünileyhanın bu yolda əzim bir qeyrət və fədakarlıq göstərməyinə razılıq verib, ən səmimülqəlb təbrik və izhari-təşəkkür ediriz” [7, s.6].

Beləliklə, Azərbaycanda ilk qadın qəzeti hər tərəfdən – həm liberal olduğu üçün mütərəqqi ziyalılardan, həm də qadınların hüquqlarını tələb etmək cəsarətinə görə din xadimləri və radikal dindarlardan gələn hücumlara tab gətirməli olurdu.

Birincilər öz düşüncələrini və tənqidlərini məqalə və ya şeirlərdə təqdim edirdilərsə, ikincilər daha qorxulu idi və Əlibəyovlar və qəzet müəlliflərinin həyatı üçün böyük təhlükə yaranırdı.

“Qəzetəmiz nəşrə başlayanda biz əksər üləmamız olan ruhani atalarımıza məccanən qəzetə göndərib və məktubən onlardan millətin indiki halına dair atalıq vəzifəsinin ədasını umurduq. Lakin ruhani atalarımızın bir neçəsi bihiss bir heykəl kibi lazimeyi-xidmətdə olmadığından maəda, ziyayi-elmə sədd olan bir zülmati-cəhl dağı kibi e`tiraz edib, qəzetəmizi də geri qaytardılar. Bunlardan birisi də Bakıda məscidin minbərindən cəmaətə: “Cəmaət, hər kim “İşıq” qəzetəsini oxuyarsa, kafirdir” cümlələrini buyurduqdan əlavə, “Hər kimin evində “İşıq” qəzetəsi olar isə, o ev murdardır” sözlərini də təkrar buyurmuş imiş”, - deyə Xədicə xanım Əlibəyova qəzetin ünvanına deyilən sözlərdən, təəssübkeşlərin nifrətindən dərin narahatlığını dilə gətirirdi [3, s.2].

Dindarlar tərəfindən olunan hücumlar nəticəsiz ötüşmədi və “İşıq” qəzeti maddi çətinliklər yaşamağa başladı. Belə ki, ruhanilərdən və dini təəssübkeşlərdən ehtiyatlanaraq, müəlliflər qəzetə məktub, məqalə və şeir göndərməyi, oxucular isə abunə olunmağı dayandırırdılar.

Müəllimə Asya Axundzadə “Təəssüflər olsun” adlı məqaləsində bu vəziyyətə etirazını belə bildirirdi: “Öz aləminizi fəna bir hala salıb, yaxud qarartmağı vicdanınız necə qəbul edir? Və bu “İşıq” qəzetəsi bir parça sadəcə ağ kağızdan ibarətdir. Bu qəzetəni “İşıq” edən sizin təzə olan gözəl fikirləriniz, ziyalı qələmləriniz olmayacaqdırmı?... Vətənə xidmət beləmi olar? Bağbanı köçmüş, bağçası viran olub gülləri solmuş bülbüllər kibi hayana qaçıb dağılmışsınız? Anadan olduğu halda qalıb, min zillət ilə ömür edib, kişilər nəzərində fəqir görünüb, cəfakeş olan bacılarınızın yolunda nə çox zəhmətlər çəkdiniz? Nə tez usandınız? Niyə lal oldunuz? Analıq, xanımlıq vəzifələrini belə qaranlıq bucaqlarda, böylə qara beyinlər iləmi ifa edəcəksiniz? İnsanlıq hüququnu bu hal iləmi qazanacaqsınız? Vətənə namuslu, qeyrətli övladlar, millətə təzə və doğru fikirli, sadiq ə`zalar beləmi yetişdiriləcəkdir?” [1, s.3].

Material və abunəçi azlığı “İşıq” qəzetinin yeganə problemi deyildi. 1912-ci ilin yanvar ayında “İşıq” qəzetini radikal dindarlardan qoruyan Axund Molla Ruhulla Məhəmmədzadənin namaz qılarkən faciəvi şəkildə qətlə yetirilməsilə qəzet öz hamisini itirir və bu hadisədən üç ay sonra öz nəşrini dayandırmağa məcbur olur. Beləliklə, Azərbaycan qadınının ilk mətbu orqanı olan “İşıq” qəzeti 21 aprel 1912-ci ildə son nömrəsi ilə mətbuat aləminə əlvida deyir.

XX əsrin əvvəllərində Azərbaycan qadınının mübarizə tarixində önəmli yer tutan bu qəzetin tam mətni ilk dəfə olaraq Siyasi sənədlər Arxivi tərəfindən 2020-ci ildə “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatda çap olunmuşdur. Ümid edirik ki, bu nəşr XX əsrin əvvəlləri mətbuatı, Azərbaycan qadınının mübarizə tarixi, maarifçi qadınlarımızın elmi, bədii və publisistik yaradıcılığı ilə maraqlananlar üçün faydalı bir qaynaq rolunu oynayacaqdır.

 

İstifadə olunmuş ədəbiyyat: 

  1. Axundzadə A. Təəssüflər olsun // “İşıq” qəzeti, 1911, №29
  2. Əlibəyov M. General Hacı Zeynalabdin Tağıyev həzrətlərinin nitqi // “İşıq” qəzeti, 1911, № 9
  3. Əlibəyova X. İzhari-həqq // “İşıq” qəzeti, 1911, №31
  4. İdarədən etizar // “İşıq” qəzeti, 1911, №24
  5. Xədicə. Hüququmuz // “İşıq” qəzeti, 1911, №3
  6. Xədicə. Vəzayifi-Beytiyyə. İzdivac // “İşıq” qəzeti, 1911, №4
  7. Məhəmmədzadə R., Molla. Təbrik // “İşıq” qəzeti, 1911, №2
  8. “Molla Nəsrəddin” jurnalı, 1911, №7
  9. “Molla Nəsrəddin” jurnalı, 1911, №18
  10. Vızvıza. Aləmi-sübyan // “Molla Nəsrəddin” jurnalı, 1911, №16