2019
Noyabr

2019-cu ilin noyabr ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova və Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin müdiri t.ü.e.d. Lalə Hüseynova Paris şəhərinə ezam olunmuşlar. Səfər zamanı E.Ələkbərova və L.Hüseynova Rusiya, Qafqaz və Mərkəzi Avropa Araşdırmalar Mərkəzində (Le Centre d’études des mondes russe, caucasien et centre-européen – CERCEC) tədqiqat aparmış, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, AXC Parlamentinin sədri, Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovun şəxsi arxivindən bir çox qiymətli sənədlərin surətini əldə edərək, Siyasi sənədlər Arxivinə gətirmişlər.

2018
Noyabr

2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova və Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin müdiri t.ü.e.d. Lalə Hüseynova Moskva şəhərinə ezam olunmuşlar. Səfər zamanı E.Ələkbərova və L.Hüseynova Rusiya Sosial-Siyasi Tarixi Dövlət Arxivində araşdırma aparmış, Nəriman Nərimanovun fəaliyyəti, Azərbaycan və Ermənistan arasında ərazi mübahisəsi ilə bağlı bir sıra sənədlərin, həmçinin 1924-1976-cı illərdə Azərbaycan nümayəndə heyətlərinin müxtəlif qurultaylardakı fotoşəkillərinin surətini əldə edərək, Siyasi sənədlər Arxivinə gətirmişlər.

2017
Noyabr

2017-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin direktor müavini-direktor vəzifəsini icra edən Elmira Ələkbərova və Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin müdiri t.ü.f.d. Lalə Hüseynova Praqa şəhərinə ezam olunmuşlar. Səfər zamanı E.Ələkbərova və L.Hüseynova Çexiya Respublikası Müdafiə Nazirliyinin Hərbi Tarix Arxivinin direktoru Yozef Zikeş, Çexiya Milli Arxiv İdarəsinin direktor müavini Zdenka Kokoşkova və 1945-1992-ci illər Çexoslovakiya dövlət qurumlarının və Kommunist Partiyası sənədləri departamentinin müdiri Zora Maşkova, Çexiya Xarici İşlər Nazirliyinin İnformasiya İdarəsinin direktor müavini Petr Kopşiva və Slavyan İnstitutunun direktoru Vaslav Çermak ilə görüşlər keçirmişlər. Həmçinin sözügedən arxivlərdə ölkəmizlə bağlı qiymətli sənədlər və materiallar, o cümlədən Çexoslovakiyanın Tiflisdə fəaliyyətdə olan diplomatik nümayəndəliyinin yazışmaları, məlumatları və hesabatları əsasında Sovet işğalından sonra Azərbaycandakı siyasi vəziyyət, Azərbaycan-Ermənistan ərazi münaqişələri, Zəngəzurda erməni quldur dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş zorakılıqlar və bunun qarşısının alınması üçün Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi əks etdirən sənədlərin surəti, habelə İkinci dünya müharibəsi dövründə keçmiş Çexoslovakiyanın ərazisində həlak olmuş və orada dəfn edilmiş Sovet ordusunun hərbi qulluqçularının, o cümlədən 100-dən çox azərbaycanlı əsgər və zabitin siyahısı əldə edilərək Siyasi sənədlər Arxivinə gətirilmişdir.

2014
Noyabr

2014-cü ilin noyabr ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin Elmi araşdırmalar və nəşr şöbəsinin müdiri t.ü.f.d. Lalə Hüseynova Moskva şəhərinə ezam olunmuşdur. Səfər zamanı L.Hüseynova Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin təşkil etdiyi N.Xruşşovun 120 illik yubileyinə həsr olunmuş sərginin təntənəli açılış mərasimində iştirak etmişdir. Həmçinin əməkdaşımız həmin arxivdə mühafizə olunan, 1930-1950-ci illərdə Azərbaycana rəhbərlik etmiş Mir Cəfər Bağırovun məhkəmə prosesinə dair sənədlərlə, eləcə də Sov.İKP MK-nın rəhbər partiya orqanları ilə iş şöbəsinin 1919-1966-cı illər antipartiyaçı qruplar haqqında sənədlərilə yaxından tanış olmuş, bir çox sənədlərin surətini əldə edərək Siyasi sənədlər Arxivinə gətirmişdir.

2014
Oktyabr

2014-cü ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin Elmi araşdırmalar və nəşr şöbəsinin baş elmi işçisi fil.ü.f.d. Şəhla Abdullayeva və Arxiv fondunun mühafizəsi və uçotu şöbəsinin baş fond mühafizəçisi Nərgiz Əsədullayeva İstanbul şəhərinə ezam olunmuşlar. Səfər zamanı Ş.Abdullayeva və N.Əsədullayeva Türkiyə Nazirlər Kabineti Dövlət Arxivləri Baş İdarəsinin İstanbulda yerləşən Osmanlı Arxivində olmuş, arxiv fondları və sənədlərin tərtibi, sənədlərin mühafizəsi qaydaları, habelə Arxivin elektron məlumat bazasının işi ilə yaxından tanış olmuşlar. Həmçinin əməkdaşlarımız Osmanlı Arxivində mühafizə olunan, XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda baş verən hadisələrlə bağlı Daxiliyyə, Xariciyyə və Hərbiyyə Nəzarətinə göndərilmiş raportları, teleqram və yazışmaları əks etdirən bir çox qiymətli sənədlərin surətini əldə edərək Siyasi sənədlər Arxivinə gətirmişlər.

2013
Dekabr

2013-cü ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin əməkdaşları – Elmi araşdırmalar və nəşr şöbəsinin müdiri t.ü.f.d. Lalə Hüseynova, Elmi kitabxana və avtomatlaşdırma şöbəsinin baş biblioqrafı Rəqibə Məmmədova və Bərpa və cildlənmə şöbəsinin bərpaçısı Azad Əhmədov Moskva şəhərinə ezam olunmuşlar. Səfər zamanı L.Hüseynova, R.Məmmədova və A.Əhmədov Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi, Rusiya Dövlət Elmi-Texniki Sənədləşmə Arxivi və Rusiya Dövlət Kitabxanasında olmuş, bu müəssisələrin fəaliyyəti, məxfi sənədlərlə iş təcrübəsi, bərpa, cildləmə, mikrofilmləşdirmə, kataloqlaşdırma sahəsindəki yeniliklərlə tanış olmuşlar. Həmçinin əməkdaşlarımız tərəfindən həmin arxivlərdə mühafizə olunan bir sıra qiymətli sənədlərin surəti, bərpa sahəsində istifadə edilən yeni materiallardan nümunələr əldə edilərək Siyasi sənədlər Arxivinə gətirilmişdir.

2013
Noyabr

Sankt-Peterburq şəhərində səfərdə olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin əməkdaşları – Arxiv fondunun istifadəsi şöbəsinin müdiri fil.ü.f.d. Lalə Hacıyeva və Elmi araşdırmalar və nəşr şöbəsinin baş elmi işçisi fil.ü.f.d. Şəhla Abdullayeva 8 noyabr 2013-cü il tarixində Sankt-Peterburq Milli Kitabxanasının “Milli ədəbiyyat” şöbəsinin yaranmasının 60 illik yubileyi çərçivəsində keçirilən “Kitabxana məkanında yüz və bir: dil, xalq və mədəniyyət” adlı Beynəlxalq elmi-praktiki konfransda iştirak etmişlər.

2013
Noyabr

2013-cü ilin noyabr ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin əməkdaşları – Arxiv fondunun istifadəsi şöbəsinin müdiri fil.ü.f.d. Lalə Hacıyeva və Elmi araşdırmalar və nəşr şöbəsinin baş elmi işçisi fil.ü.f.d. Şəhla Abdullayeva Sankt-Peterburq şəhərinə ezam olunmuşlar. Səfər zamanı L.Hacıyeva və Ş.Abdullayeva Rusiya Milli Kitabxanasının “Qəzet fondu”nda və “Milli ədəbiyyat” şöbəsinin jurnal və kitab fondlarında tədqiqat apararaq, Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı materiallarla tanış olmuş, “Milli ədəbiyyat” şöbəsinin jurnal və kitab fondlarında mühafizə olunan Azərbaycan dilində ərəb qrafikası ilə nəşr olunmuş qəzet və jurnalların ümumi biblioqrafiyasını tərtib etmiş, həmçinin Qafqazda ilk rusdilli qəzet olan “Tiflisskie vedomosti”, adı Rusiya və Yaxın Şərqdə məşhur olan “Qafqaz”, həmçinin “Kaspi” və “Baku” qəzetlərindən seçilmiş məqalələrin, “İrşad” və “Açıq söz” qəzetlərinin bir sıra nömrələrinin surətini əldə edərək Siyasi sənədlər Arxivinə gətirmişlər.

2012
Avqust

2012-ci ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin Arxiv fondunun istifadəsi şöbəsinin müdiri fil.ü.f.d. Lalə Hacıyeva Sankt-Peterburq şəhərində səfərdə olmuş, burada yerləşən Rusiya Milli Kitabxanasından Azərbaycanın ilk mətbu orqanı olan “Bakinskiy listok” (1871-1872) qəzetinin bütün nömrələrinin surətini əldə edərək Siyasi sənədlər Arxivinə gətirmişdir.

2012
İyun

2012-ci ilin iyun ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin direktoru t.ü.f.d. Mais Bağırov, elmi işlər üzrə direktor müavini t.ü.f.d. Lətifə Əliyeva və Elmi araşdırmalar və nəşr şöbəsinin elmi işçisi fil.ü.f.d. Şəhla Abdullayeva Amsterdam şəhərinə səfər etmişlər. Səfər zamanı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivi ilə Beynəlxalq Sosial Tarix İnstitutu arasında elmi əməkdaşlıq Protokolu imzalanmış, həmçinin İran Tudə Firqəsinin fəaliyyəti haqqında İranın Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Polis İdarəsinin məxfi yazışmalarının, 1945-1946-cı illər Azərbaycan Milli Hökumətinə aid bir sıra qiymətli sənədlərin surəti əldə edilərək Siyasi sənədlər Arxivinə gətirilmişdir.

2011
Oktyabr

2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin Elmi araşdırmalar və nəşr şöbəsinin baş elmi işçisi t.ü.e.d. Həcər Verdiyeva Ankara və İstanbul şəhərlərinə ezam olunmuşdur. Səfər zamanı H.Verdiyeva Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Hərb Tarixi və Strateji Araşdırmalar Mərkəzinin (ATASE) arxivində, həmçinin Türkiyə Respublikası Nazirlər Kabineti Dövlət Arxivləri Baş İdarəsinin İstanbul bölməsində mühafizə olunan, XX əsrin əvvəllərində bölgədə tüğyan edən erməni millətçilərinin törətdikləri cinayətləri açıqlayan sənədlərlə tanış olmuş, problemlə bağlı bir sıra qiymətli sənədlərin surətini və kitabları Siyasi sənədlər Arxivinə gətirmişdir.

2010
Oktyabr

2010-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin elmi işlər üzrə direktor müavini t.ü.f.d. Lətifə Əliyeva Moskva şəhərinə ezam olunmuşdur. L.Əliyeva Rusiya Federasiyası Dövlət Arxivinin fəaliyyəti və onun iş üsulları ilə, həmçinin Arxivdə mühafizə olunan bir çox qiymətli sənədlərlə yaxından tanış olmuş, Rusiya Polis Departamentinin xüsusi şöbəsinin sənədləri sırasından siyasi partiyalar – “Hümmət”, “Difai”, “Eser”, “Kadet”, “Daşnaksütyun” haqqında nadir sənədləri aşkar etmiş, RKP(b)-nin Qafqaz bürosunun protokollarından Nəriman Nərimanovun bu təşkilatda fəaliyyətini əks etdirən bir sıra sənədlərin surətini Siyasi sənədlər Arxivinə gətirmişdir.

2010
Oktyabr

2010-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin Elmi araşdırmalar və nəşr şöbəsinin müdiri t.ü.f.d. Lalə Hüseynova Moskva şəhərinə səfər etmişdir. Səfər zamanı L.Hüseynova Rusiya Dövlət Ən Yeni Tarix Arxivinin fəaliyyəti və onun iş üsulları ilə, həmçinin Arxivdə mühafizə olunan bir çox qiymətli sənədlərlə yaxından tanış olmuşdur.

2009
İyun

2009-cu ilin iyun ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin Elmi araşdırmalar və nəşr şöbəsinin müdiri t.ü.f.d. Lalə Hüseynova Moskva şəhərinə səfər etmişdir. Səfər zamanı L.Hüseynova Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin fəaliyyəti və onun iş üsulları ilə, həmçinin Arxivdə mühafizə olunan bir çox qiymətli sənədlərlə yaxından tanış olmuşdur.