Siyasi sənədlər Arxivində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib

   

Martın 29-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə erməni daşnakları tərəfindən qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Arxivin elmi katibi t.ü.e.d. Həcər Verdiyeva XX əsrin əvvəllərində erməni millətçilərinin “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün dilindən, dinindən, cinsindən, irqindən, yaşından asılı olmayaraq, insanlığa qarşı törətdikləri soyqırımının dəhşətlərini auditoriyanın diqqətinə çatdırıb.

Tədbirin davamında Arxiv fondunun uçotu, mühafizəsi və arxiv fondunun istifadəsi şöbəsinin əməkdaşı Nurlanə Muradova 1917-ci ilin fevralında Romanovlar Rusiyasında baş vermiş sosial-siyasi proseslərdən istifadə edən erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün törətdikləri soyqırımından danışıb. Məruzəçi həmçinin bildirib ki, martın 30-dan aprelin 1-ə qədər davam edən bu soyqırımı Bakı şəhəri ilə kifayətlənməmiş, Azərbaycanın bütün bölgələrinə yayılmışdır. Arxiv sənədlərinə əsaslanan N.Muradova qeyd edib ki, Qubada baş verən soyqırımında 18 mindən çox insan işgəncələrə məruz qalaraq qətlə yetirilmişdir.

Şöbənin digər əməkdaşı Sevda Həsənova araşdırdığı arxiv sənədlərinə istinadən Şamaxı hadisələrinin tariximizin qorxunc və faciəli səhifələrindən biri olduğunu bildirərək qeyd edib ki, bütün dindirilən zərərçəkmiş müsəlmanların ifadələrindən məlum olur ki, erməni millətçiləri Şamaxını və Şamaxı qəzasının kəndlərini dağıtmış, bu zaman minlərlə müsəlman kişisinə, qadınına və uşağına əzab verərək öldürmüş, eyni zamanda mənəvi terrora əl ataraq bütün məscidləri və müqəddəs yerləri dağıtmışlar.

Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin əməkdaşı Sevinc Soltanova öz məruzəsində soydaşlarımızı qətlə yetirən erməni millətçilərinin riyakarlığını göstərmiş, tarixə qısa ekskurs edərək, XIX əsrin birinci otuzilliyində Azərbaycanın Rusiya və İran arasında bölünməsindən sonra ermənilərin kütləvi şəkildə ölkədə məskunlaşmasından, 1905 və 1918-ci illərdə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi qırğınlardan, 1920-ci il dekabrın 1-də Sovet Ermənistanına Zəngəzurun verilməsindən, daha sonra Qarabağın dağlıq hissəsində muxtar vilayətin yaradılmasından, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən deportasiyasından, ötən əsrin 80-ci illərinin sonunda erməni millətçilərinin apardığı “etnik təmizləmə” siyasəti nəticəsində İrəvan məkanından 200 min Azərbaycan türkünün qovulmasından, 1992-1994-cü illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, 1992-ci ilin fevralında törədilmiş, öz qəddarlığı və amansızlığına görə misli görünməmiş soyqırımı aktı olan Xocalı faciəsinin acı nəticələrindən bəhs edib.

Şöbənin digər əməkdaşı Göhər Namazova çıxış edərək bildirib ki, 1918-ci ildə Bakı Kommunasının lideri S.Şaumyan daşnak dəstələrinin köməyi ilə on minlərlə azərbaycanlının qətlinə gətirib çıxaran soyqırımı törətmişdir.

Arxiv materiallarına istinad edən məruzəçi qeyd edib ki, erməni hərbi dəstələrinin Bakı və ətraf kəndlərində başladığı qırğınlar Azərbaycanın bir çox şəhər və bölgələrini əhatə etmiş, yaxşı silahlanmış və hərbi təlim görmüş erməni daşnakları Bakıda 15 min günahsız azərbaycanlını qətlə yetirib, şəhərin böyük bir hissəsini xarabalığa çevirmişdilər.

Bərpa, cildlənmə və təsərrüfat şöbəsinin müdiri Saleh Əhmədov öz çıxışında erməni millətçilərinin zaman-zaman xalqımıza qarşı həyata keçirdiyi məkrli siyasətinə qarşı mübarizə aparmaq üçün tarixi yaddaşımızın qorunmasının, Azərbaycan həqiqətlərinin öyrənilməsinin vacibliyini vurğulayıb. Çıxışının sonunda məruzəçi qeyd edib ki, Azərbaycanın gündən-günə inkişaf etməsi, xalqımızın rifahının yaxşılaşması Ali Baş Komandanımızın müdrik siyasətinin nəticəsidir.

Tədbirin sonunda erməni vəhşiliklərini əks etdirən videoçarx nümayiş etdirilib.