Siyasi sənədlər Arxivində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

   

Fevralın 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdən öncə iştirakçılar Arxivin foyesində təşkil edilmiş stendlərlə tanış olublar. “Xocalı faciəsi – əsrin qətliamı”, “Xocalı soyqırımı dünyanın gözü ilə”, “Bəşəriyyətə qarşı törədilmiş cinayət” adlı üç bölmədən ibarət olan stendlərdə 26 fevral 1992-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımına dair Ümummilli Lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin müvafiq sərəncam, çıxış və xalqa müraciətlərindən nümunələr təqdim edilib. Digər stendlərdə Xocalı faciəsini qan yaddaşına çevirən fotolar və beynəlxalq aləmdə bu soyqırımının yaratdığı əks-səda barədə rəsmi məlumatlar yer alıb.

Tədbir əsrin faciəsi barədə sənədli filmin nümayişi ilə başlayıb. Sonra Arxivin direktor müavini Elmira Ələkbərova çıxış edərək erməni vandallarının 24 il əvvəl Xocalıda dinc əhalimizə qarşı törətdiyi qətliamın bütün bəşəriyyətə qarşı böyük cinayət olduğunu bildirib.

Keçən əsrin 60-80-ci illərində yenidən baş qaldıran erməni separatizminin məkrli niyyətini, Azərbaycandan yeni ərazilər qoparmaq üçün Yerevanda keçirilən nümayişləri xatırladan E.Ələkbərova əlavə edib ki, bu qanunsuzluqlar o dövrdə Azərbaycanda ictimaiyyət arasında haqlı etiraz əhval-ruhiyyəsi yaratsa da, mərkəzi hökumət həmin bəlanı kökündən və birdəfəlik həll etməkdə israrlı deyildi. E.Ələkbərova respublikamızda yaşayan “erməni şovinistlərinin onlara bəslənilən mədəni münasibətlərin əksinə gedərək Azərbaycana qarşı münaqişəyə başlamaları və Dağlıq Qarabağda millətimizi soyqırımına məruz qoymaları bütün xeyirxahlıqlara, mədəni dünyaya xəyanətdir” fikri ilə çıxışını yekunlaşdırıb.

Arxiv fondunun istifadəsi şöbəsinin müdiri f.ü.f.d. Lalə Hacıyeva öz çıxışında qondarma erməni məsələsinin köklərinə toxunaraq qeyd edib ki, 1860-cı ildə İstanbulda “Konstantinopol Erməni Milli Birliyi” yaradan ermənilər “Böyük Ermənistan” xülyasını milli ideyaya çevirərək, güclü xristian dövlətlərinin tövsiyəsilə “xaç və qılıncla” XIX əsrin ikinci yarısından başlayaraq Osmanlı imperiyasına, XX əsrin ilk illərindən isə Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə vəhşiliklər törətmişlər.

Elmi araşdırmalar və nəşr şöbəsinin əməkdaşı f.ü.f.d. Elçin Cabbarov çıxış edərək bildirib ki, Xocalı qətliamını törədənədək erməni talanları Şimali Qafqazdan başlamış bu gün Ermənistan adlanan ərazilərədək böyük bir coğrafiyada azərbaycanlıların mal-mülkünə, maddi-mədəniyyət abidələrinə, bütövlükdə, Azərbaycanın varlığına qarşı savaş açmışdı. Şərin tüğyan etdiyi həmin dövr millətimizə qarşı soyqırımı siyasətinin tərkib hissələrindən biridir, bəşər tarixində qara səhifədir.

Arxiv fondunun mühafizəsi və uçotu şöbəsinin əməkdaşı Nərgiz Əsədullayeva Xocalı soyqırımının dəhşətlərini əks etdirən rəsmi məlumatları diqqətə çatdıraraq, bu vəhşətdə əli olanların vicdan və beynəlxalq hüquq qarşısında cavab verəcəklərinə əminliyini bildirib.

Xocalı qətliamının canalıcı nəticələrinin şahidi olan Ağdam sakini, Arxivin əməkdaşı Rəşid Qəhrəmanov qəhər içində acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Qərbi Azərbaycanda yaşayarkən ermənilərin milli zəmində yaratdıqları dözülməz həyatın əzabını çəkən və hazırda Arxivdə əmək fəaliyyətini davam etdirən Sabir Babayevin çıxışında o dövrün acı xatirələri yer alıb.