AZƏRBAYCAN MİLLİ MƏTBUATI – 145
A+   A-

AZƏRBAYCAN MİLLİ MƏTBUATI – 145

Zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatının bu il 145 yaşı tamam olur. Bünövrəsi Azərbaycan milli maarifçilik hərəkatının banilərindən olan təbiətşünas alim və naşir Həsən bəy Zərdabi tərəfindən 1875-ci il 22 iyul tarixində “Əkinçi” qəzetinin nəşrə başlaması ilə qoyulmuş milli mətbuatımız ölkəmizdə hər zaman qabaqcıl ideyaların təbliğatçısı və dövrün ictimai-siyasi həyatının güzgüsü olmuşdur.

Lakin milli mətbuatın bünövrəsini qoymaq asan başa gəlməmişdir. Məlum olduğu kimi, həmin dövrdə Azərbaycanda fars dili aparıcı yer tuturdu, 1870-ci illərə qədər bütün işgüzar və şəxsi yazışmalar, müqavilələr, aktlar, şəriət qərarları, ticarət dəftərləri, gündəliklər və s. məhz bu dildə aparılırdı. Məktəb və mədrəsələrdə, hətta bəzi dövlət məktəblərində fars dili ic­bari fənn kimi dərs proqramına daxil edilmişdi. Təsadüfi deyil ki, görkəmli maarifçi Abbasqulu ağa Ba­kı­xanovun ilk elmi əsəri məhz fars dilinin qrammatikasına aid, şagirdlər üçün nəzərdə tutulan “Qanuni-Qüdsi” əsəri olmuşdur.

Doğma Azərbaycan dilində qəzet  nəşr etməyə başlayan Həsən bəy Zərdabi fars dilini öz ana dilindən üstün tutan, “elm dünyası”ndan olan gizli, bəzən isə açıq bədxahlarla gərgin mübarizə yoluna qədəm basdı. Qarşısına kütlələrə qəzet oxumaq vərdişi aşılamaq, ictimai həyatın yeniliklərini izləmək məqsədi qoyan “Əkinçi” qəzeti fars-ərəb tərkiblərini mümkün qədər az işlətməyə, əhalinin rahat anlayacağı dildə yazmağa çalışırdı. Bu barədə görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşov öz xatirələrində qeyd edirdi ki, “Həsən bəy ona məxsus enerji ilə ana dilinin müdafiəsi üçün səylə çalışırdı: o, dilin terminalogiyası imkan verdiyinə görə “Əkinçi”də fars və ərəb sözlərindən qaçmağa və müstəsna şəkildə türkcə-Azərbaycanca yazmağa çalışırdı; imkan daxilində ən sadə və asan başa düşülən xalq sözləri və ifadələri işlədilirdi”.

Əsas məqsədi ilk növbədə əhalini məlumatlandırmaq və maarifləndirmək olan “Əkinçi” qəzetinin iki ildən artıq bir zaman çərçivəsində cəmi 56 nömrəsi işıq üzü görsə də, Azərbaycan milli mətbuatının təşəkkülündə onun əvəzsiz xidmətləri olmuş, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişdir.

“Əkinçi” qəzeti 1877-ci ildə qapadıldıqdan iki il sonra Tiflisdə Azərbaycan dilində “Ziya” qəzeti nəşrə başladı. Daha sonra “Ziyayi-Qafqaziyyə” adı ilə nəşr olunan bu qəzet 1883-1884-cü illərdə Şamaxıda çıxırdı. Həmçinin, Tiflisdə 1883-1891-ci illərdə “Kəşkül” məsmuəsi də nəşr olunurdu və 1891-ci ilin oktyabrında o da bağlandıqdan sonra 12 il müddətində maarifpərvərlərimizin bütün səylərinə rəğmən, Azərbaycan dilində qəzet və jurnal nəşri mümkün olmadı.

XIX əsrin 90-cı illərində Rusiyada ümumdemokratik tendensiyaların fəallaşdığı bir zamanda Bakıda demokratik ruhlu azərbaycanlı yazıçı-publisistlərin böyük qismi ana dilində mətbuat olmadığından rusdilli “Kaspi” (1881-1919) qəzeti ətrafında birləşmişdilər. 1897-ci ildə “Kaspi” qəzeti böyük Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyev tərəfindən alınır və bununla da qəzet Azərbaycan xalqının milli maraqlarının ifadəçisinə və XIX əsrin sonu – XX əsrin əvvəllərində  milli ictimai-ədəbi fikrin təbliğatçısına çevrilir. Milli mətbuatımızın sonrakı təşəkkülündə və inkişafında böyük rolu olmuş bu nəşrin redaksiyası Azərbaycan jurnalistlərinin bir neçə nəslini yetişdirmiş “gənc kadrlar ocağı” idi.  XX əsrin əvvəllərində Bakıda nəşr olunan “Şərqi-Rus” (1903-1905), “Həyat” (1905-1906), “İrşad” (1905-1908), “Tazə həyat” (1907), “Tərəqqi” (1908-1909), “Açıq söz” (1915-1918), “Hümmət” (1917-1918), “Azərbaycan” (1918-1920) qəzetlərinin redaktorları M.Şahtaxtılı, Ə.Hüseynzadə, Ə.Ağayev, H.Vəzirov, Ü.Hacıbəyov, M.Ə.Rəsulzadə, N.Nərimanov və bir sıra başqaları ilk peşə addımlarını məhz “Kaspi” qəzetində atmışdılar.

Nəyahət, 1903-cü ildə 12 illik bir fasilədən sonra Məhəmməd ağa Şahtaxtılı tərəfindən “Şərqi-Rus” qəzeti nəşrə başladı. Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri olmuş “Şərqi-Rus” qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemənzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi kimi görkəmli maarifçiləri öz ətrafında birləşdirməyə nail oldu.

İlk azərbaycanlı jurnalist qadın Şəfiqə xanım Əfəndizadə qəzetin 7-ci sayında dərc olunmuş təbrik məktubunda “Şərqi-Rus” qəzetinin nəşrinin çoxdan gözlənilən, arzulanan bir nailiyyət olduğunu xüsusi vurğulayaraq qyed edirdi ki, bu qəzet “bu milləti-məzlumeyi-məhrumə üçün zülmətdə ziya olaraq Məşriqdən fəcri-sadiq kibi tülu` eylədi. Qişa`i-qəflətə bürünmüş məmləkəti günəş kibi tənvirə başladı… Bu təşəbbüs xeyli zaman idi bir qəyuri-milləti gözləyib, həsrət gözilə baxıb durmaqda idi. Həmd olsun, bu fütuhat sizlərə müyəssər imiş. Nə ali himmət! Nə mübarək və müəssir ixlas?!”

“Şərqi-Rus”un nəşri ilə Azərbaycan milli mətbuatı yeni inkişaf dövrünə qədəm qoydu, 1903-1920-ci illərdə doğma dilimizdə çox sayda qəzet və jurnal nəşr olundu: “Şərqi-Rus”, “Həyat”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “İrşad”, “Yeni İrşad”, “Tərəqqi”, “Dəbistan”, “Günəş”, “Həqiqət”, “Kəlniyət”, “İşıq”, “Bəhlul”, “Arı”, “İqbal”, “Yeni İqbal”, “Bəsirət”, “Dirilik”, “Babayi-Əmir”, “Açıq söz”, “Doğru söz”, “Azərbaycan” və s.

XX əsrin əvvəllərində milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuş bu qəzet və jurnalların, demək olar ki, hər birinin orijinal nüsxələri Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin Elmi kitabxanasında mühafizə və çoxsaylı tədqiqatlara cəlb olunmaqdadır.

Bu gün Azərbaycan müstəqil dövlət kimi yeni inkişaf dövrünü yaşayarkən milli mətbuatımız tamamilə yeni çağırışlarla üzləşir. Mətbuat demokratik vətəndaş cəmiyyətinin qurulmasında, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalətin və şəffaflığın təmin olunmasında, insan hüquqlarının qorunmasında, həmrəylik və tolerantlıq mühitinin yaranmasında, milli şüurun, siyasi mədəniyyətin və ümumiyyətlə, sağlam mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır. Hazırda ölkəmizdə bütün bu proseslərin effektiv şəkildə həyata keçirilməsini medianın iştirakı olmadan təsəvvür etmək mümkün deyil.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra milli mətbuatımız əsl tərəqqi dövrünü yaşadı və həqiqi qiymətini aldı. Ulu öndərin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bununla da Azərbaycan mətbuatı artıq tam şəkildə azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməyə başladı.

Azərbaycan mətbuatının özünəməxsus xüsusiyyətini milli-mənəvi dəyərlərə bağlılığında görən Heydər Əliyevin “Azərbaycanda milli mətbuatın yaranmasının 125 illik yubileyi haqqında” 27 mart 2000-ci il tarixli fərmanında bu cəhət xüsusi vurğulanmış, milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatının xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə də böyük töhfə verdiyi bildirilmişdir.  

18 dekabr 2001-ci ildə əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərlərini qəbul edən Prezident Heydər Əliyev mətbuatla əlaqəli məsələlərlə bağlı geniş fikir mübadiləsi apardı və bu görüşdən sonra bir sıra müstəqil qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi, həmçinin qəzet buraxılışının idxalı üçün dövlət rüsumunun ləğvi, qəzetlərin iqtisadi müstəqilliyinin artırılması və onlara güzəştli kreditlərin verilməsi kimi vacib məsələlər öz həllini tapdı.

Bu gün ulu öndər Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuatın müstəqil və maneəsiz fəaliyyətinə şərait yaratmaq, vətəndaşların və jurnalistlərin məlumat almaq hüququnun tam şəkildə həyata keçirilməsini təmin etmək üçün ardıcıl tədbirlər görməkdədir.

Ənənələrə sadiq qalaraq, bu günlərdə ölkə başçısı cənab İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır və respublikada koronavirus (COVID-19) pandemiyası tətbiq edilən xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla, yubiley tədbirlərinin keçirilməsinin təmini müvafiq dövlət strukturlarına və media qurumlarına tapşırılmışdır.

Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxşaxəli siyasətin məntiqi nəticəsi olaraq milli mətbuatımız daha da inkişaf edəcək, mətbuat nümayəndələri xalqımızın milli maraqlarını rəhbər tutaraq və peşəkar jurnalistika prinsiplərinə söykənərək cəmiyyətin obyektiv informasiya ilə təminatında öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

   722 dəfə baxılıb